Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) donorluq mədəniyyətinin formalaşdırılması və bu sahədəki tibbi-hüquqi yeniliklər barədə əhalinin məlumatlandırılması məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir. Bu silsilə tədbirlərin davamı olaraq növbəti görüş Bakı Xoreoqrafiya Akademiyasında keçirilib.
Tədbiri giriş sözü ilə açan akademiyanın Elm və yaradıcılıq işləri üzrə prorektoru Həbibə Məmmədova mövzunun aktuallığını vurğulayaraq, orqan ianəsinin ən ali humanist dəyərlərdən biri olduğunu bildirib.
ODTKM-in İdarə Heyəti sədrinin müavini Günay Abbasova çıxış edərək məsələnin institusional və qanunvericilik tərəflərinə aydınlıq gətirib. O, ölkədə transplantasiya sahəsinin inkişafı üçün yaradılan hüquqi bazanın və dövlət nəzarətinin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edib ki, donorluq və transplantasiya sahəsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi davamlı xarakter daşıyır. Prosesin hər bir mərhələsində dövlət nəzarətinin olması və etik normaların qorunması vətəndaşların bu sahəyə olan inamının əsas sütunudur.
Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxışında qeyd edib ki, cəmiyyətdə ölümündən sonra orqan bağışlama mədəniyyətinin formalaşdırılması prioritet hədəfdir: "Bizim əsas missiyamız cəmiyyətdə orqan bağışlama mədəniyyətini təşviq etməkdir. Bu humanist addım minlərlə çarəsiz insanın həyatda qalma şansını artıran ən böyük xidmətdir".
Görüşdə donorluğun tamamilə könüllülük prinsipi əsasında həyata keçirildiyi, hər bir şəxsin öz iradəsi ilə donor ola və istədiyi vaxt bu qərardan imtina edə biləcəyi xüsusi qeyd olunub.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, müzakirələrdə fəallıq göstərən gənclərə simvolik hədiyyələr təqdim olunub.